Müştərilər çox vaxt prodakşnı “çəkiliş günü” ilə eyniləşdirir. Halbuki bir günlük çəkilişin arxasında adətən üç gün hazırlıq və dörd gün montaj dayanır. Nəticənin keyfiyyəti kameranın modelindən çox, həmin hazırlığın nə qədər ciddi aparıldığından asılıdır.
Prodakşn nədir
Prodakşn üç mərhələnin ümumi adıdır: hazırlıq (konsept, ssenari, raskadrovka, lokasiya, rekvizit, komanda), çəkiliş (kadr, işıq, səs) və post (montaj, rəng, qrafika, musiqi). Bu mərhələlərdən birini kəsmək digərinin qiymətini artırır — planlaşdırılmamış çəkiliş montajda düzəldilməyə çalışılır və nəticə həmişə zəif olur.
Hansı formatları çəkirik
- Məhsul fotosu. Kataloq, menyu, marketplace və reklam üçün təmiz, ardıcıl kadrlar.
- Atmosfer video. Məkanın, prosesin və insanların hissini ötürən qısa formatlar.
- Reklam çarxı. Ssenari üzərində qurulan, konkret hədəflə çəkilən 15–60 saniyəlik video.
- Korporativ film. Şirkət, istehsal və komanda haqqında 2–3 dəqiqəlik təqdimat.
- Müsahibə və rəy. Müştəri rəyi, mütəxəssis danışığı — etimad üçün ən güclü format.
Bir çəkilişdən neçə material çıxır
Düzgün planlanmış bir günlük çəkilişdən adətən bir ana çarx, 8–12 qısa video və 30-a yaxın foto alınır. Bu, bir aylıq kontent deməkdir.
Bir çəkiliş günü necə keçir
Səhər lokasiya hazırlanır və işıq qurulur — bu, çox vaxt günün ən uzun hissəsidir. Sonra kadr siyahısı üzrə çəkiliş başlayır: hər kadr üçün planımız artıq raskadrovkada var, ona görə meydanda “nə çəkək?” müzakirəsi olmur.
Ən vacib qayda: montaj çəkilişdən əvvəl düşünülür. Hansı kadrın hansından sonra gələcəyini bilməsək, meydanda keçid kadrlarını çəkməyi unuduruq və video sonradan yapışqansız qalır.
İşıq, kadr və səs
İşıq
Kadrın 70%-i işıqdır. Ucuz kameranın yaxşı işıqla çəkdiyi görüntü, bahalı kameranın pis işıqla çəkdiyindən həmişə üstündür. Məkan çəkilişlərində ilk işimiz artıq mövcud işığı idarə etmək olur.
Kadr
Hər kadrın bir vəzifəsi olmalıdır: göstərmək, izah etmək və ya hiss yaratmaq. Vəzifəsiz “gözəl” kadr montajda ilk kəsilən yerdir.
Səs
İzləyici zəif görüntüyə dözür, zəif səsə yox. Danışıq varsa, mikrofon məcburidir — kameranın öz mikrofonu heç vaxt kifayət etmir.
Pis işıq düzəlir, pis səs düzəlmir.
Bizim proses
- Brif və konseptVideonun hədəfini, auditoriyanı və mesajını müəyyən edirik. Nəticə: ssenari və referens toplusu.
- HazırlıqRaskadrovka, lokasiya, rekvizit, kastinq, cədvəl. Çəkiliş günü hər kadr artıq kağız üzərində mövcuddur.
- ÇəkilişKadr siyahısı üzrə iş. Gün sonunda materiallar yoxlanılır — meydandan boş kadrla çıxmırıq.
- PostMontaj, rəng korreksiyası, qrafika, səs və musiqi. Formatlara uyğun versiyalar: 9:16, 1:1, 16:9.
Ən çox edilən səhvlər
- Ssenarisiz çəkiliş. “Çəkək, sonra baxarıq” həmişə iki dəfə baha başa gəlir.
- Bir günə hər şeyi sığdırmaq. Yorğun komanda və tələsik işıq son 3 saatın kadrlarını korlayır.
- Səsi sonraya saxlamaq. Səs meydanda yazılmalıdır, montajda yaradıla bilməz.
- Yalnız bir format çəkmək. Şaquli və üfüqi kadrlar eyni gündə planlaşdırılmalıdır.
- Materialı arxivləməmək. Xam kadrlar növbəti ayın kontenti üçün ən ucuz mənbədir.